Düşünürəm ki, işsizlik və bu kimi başqa problemlərin hamısını dövlətin üzərinə yıxmaq lazım deyil. Çünki hazırda təhsildə də, tələbələrdə də problemlər mövcuddur. Bəzən görürük ki, tələbələr universiteti güclə bitirirlər. Hansı ki həmin tələbələri valideynləri təhsil almaq üçün məcbur edir. Onlar demək olar ki, əmək bazarının tələb etdiyi ixtisasları bitirmirlər. Ona görə də universiteti bitirdikdə ixtisasları üzrə iş tapa bilmirlər. Bəzən bunu dərk etsələr də, fərqli bir peşəni öyrənməyə can atmırlar. Sadəcə universiteti bitirməyi dqşünürlər. Bu zaman da ali təhsil almaqlarına baxmayaraq işsiz qalırlar. Bundan əlavə, tələbələr hər hansı bir bacarığa və ya dil biliyinə yiyələnmirlər. İstər Azərbaycan, istərsə də dünya əmək bazarında diplomla yanaşı, hətta diplomdan çox bilik və bacarıqlara nəzər yetirirlər.
Doğrusu, mən ali təhsil müəssisələrini bitirənlərin dövlət tərəfindən işlə təmin olunmasının əleyhinəyəm. Bir insan bacarıqlıdırsa, özü iş tapmalıdır. Yox, əgər bilik və bacarıqlara sahibdirsə, amma yenə də iş tapa bilmirsə, o zaman bu problemin həllini araşdırmalıdır. Demək olar ki, bütün universitetlərdə tələbələr son kursda təcrübə proqramında iştirak edirlər. Adətən, təcrübə proqramlarında həmin tələbələrə diqqət edirlər və bacarıqlı olanları öz müəssisələrində işə götürürlər. Nə olursa olsun, əgər bir insan yaxşı və qazanclı bir sahədə işləmək istəyirsə, bir deyil bir neçə dil biliyi olmalı və bacarığa sahib olmalıdır.
sia.az -ilə müsahibədə